Dünyanın hər yerində bütün insanlar Yeni ili yeni ümidlərlə,
xoş möcüzələr, yeni uğurlar, xoşbəxtlik arzusuyla gözləsələr də
bayramı hərə öz adət-ənənəsinə uyğun qarşılayır
Yeni il bayramını al-əlvan, bərli-bəzəkli yolkasız təsəvvür etmək qeyri-mümkündür
Bəs siz Avropa xalqlarının yeni ili necə qarşıladığımı bilirsinizmi?
Ardında daha ətraflı
![](http://faylyukle.com/foto/arxiv/2009-12/1261221245_1260710097_1244101515_3.gif)
Bu bayramın yaranmasının azı 25 əsrlik tarixi var. İlin dəyişməsini bayram etmək adəti ilk dəfə qədim Mesopotamiyada yaranıb. Eramızdan əvvəl IV minilliyin sonunda Şumer, Babilistan, Assuriya kimi
bu günümüzə qədər gəlib çatan mədəni irsiylə hələ
də bizi heyrətləndirən mədəniyyət mərkəzləri burada təşəkkül
tapıb. Tarixçi alimlərin fikrincə, məhz həmin dövrdə burada
Yeni ilin gəlişi ilk dəfə bayram edilib. Martın axırında Dəclə və Fərat
çaylarında suyun səviyyəsi artanda əkin-biçin işləri
başlayarmış. İnsanlar yeni ilin gəlişini də elə o zaman qeyd etmişlər. 12 gün ərzində təntənəli mərasimlər davam edərmiş. Xeyir tanrısı Mərdükün
şər qüvvələr və ölüm üzərində hakimiyyəti
başlayarmış. Bütün məhkəmə işləri, cəzalar təxirə salınarmış.
Həmin dövrə aid gil kitabələrdən biri üzərində yazılmış mətnə
görə, bu bayramda "qul ağaya çevrilərmiş”. Yeri gəlmişkən, "Karnaval” sözü babil dilindən tərcümədə "gəmi-dəniz” deməkdir. Bu da Mərdükün Dəclədə üzməsilə bağlı ayinlərdən gələn ifadədir. Bayram günlərindən birində Mərdükün dəhşət ilahəsi, ilanbaşlı Tiamatla döyüşü
səhnəsi canlandırılarmış. Nəticədə, əlbəttə ki, Mərdükün
qalib gələrmiş. Babilistan əsirliyində olan yəhudilər Yeni il bayramı
ənənəsini babillərdən öyrənərək sonradan onu yunanlara
ötürüblər. Yunanlar vasitəsilə isə bu ənənə Qərbi
Avropaya yayılıb.
![](http://faylyukle.com/foto/arxiv/2009-12/1260709508_1260025973_1246392604_2f6958fe767c.gif)
Başqa bir mənbəyə görə, Qədim Şərqdə
hələ İran dövlətinin yenicə yaranmağa başladığı dövrdə
iranlıların artıq təqvimləri var imiş. Onlar bilirmişlər ki, ilin bir
günü var ki, həmin gün ən qısa gündüz ən uzun
gecəylə növbələşir. Və bu gündən sonra həyatverici Günəş
səmada get-gedə daha çox bərq vurur, təbiət oyanmağa başlayır və
həyat cansıxıcı qış – yəni ölüm üzərində qələbə
çalır. Qədim hindlilər və farslar müasir təqvimlə dekabrın 22-nə təsadüf edən həmin günü "Günəş qapısı” adlandırarmışlar. Sonralar həmin gün Günəş Tanrısı Mitranın doğum günü kimi qeyd edilməyə başlayır. Möhtəşəm İran dövlətini diz çökdürən romalılar Mitranı da özününküləşdirirlər. Qədim Romada
təqvim aylarındakı günlərin sayı müxtəlif idi. Hətta
rüşvət verib onları dəyişdirmək də olardı. Lakin bir gün
dəyişməz idi. Yeni il həmişə yanvarın 1-i gəlirdi və Mitranın doğum günü - İşığın Qaranlıq üzərində qələbəsi günü də bununla üst-üstə düşürdü.
Əsrlər keçdi. Roma dövləti rəsmi olaraq xristian dövləti kimi tanındı. Və məlum oldu ki, İsa Məsihin
doğum günü də elə dekabrın son günlərinə təsadüf
edir. Beləcə bu bayram həm yeni ilin gəlişini, həm həyatın
ölüm üzərində qələbəsini, həm də Milad gününü özündə birləşdirmiş oldu.
Yeni il Fransada
Fransada Şaxta baba Per Noel — yəni Noel ata
adlanır. O, Yeni il gecəsi gəlir və evin balaca sakinlərinin başmağına
hədiyyələr qoyur. Böyüklərsə bayram günü daha
çox yeyib-içməyi sevirlər. Fransanın şərab ölkəsi
olduğunu nəzərə alsaq, vəziyyəti təsəvvür etmək olar. Bu
ölkədə bayramın ən maraqlı tərəfi hədiyyələrdir. Amma burada bir
qədər diqqətli olmaq lazımdır. Hər hədiyyəni hər adama vermək olmaz.
Məsələn, bu bayramda qadının öz ərindən başqa kimdənsə hədiyyə
olaraq ətir qəbul etməsi yaxşı hal hesab olunmur.
Yeni il İsveçrədə
İsveçrədə insanlar bir-birinə şam
hədiyyə edirlər ki, bu da dostluğun və sevincin rəmzidir. Bayram axşamı
isə ailə başçısı — ata zibil atmaq bəhanəsilə evdən
çıxır və Yul Tomten (Şaxta baba) obrazında qayıdır və uşaqlara
hədiyyələr paylayır.
Eskimosların yeni ili
Ən qəribə bayram hədiyyələrini isə
eskimoslar bir-birinə bağışlayırlar. Bu, morjların və ağ ayıların
buzdan yonulmuş fiqurlarıdır. Qrenlandiyadakı hava şəraiti bu
hədiyyələri uzun müddət saxlamağa imkan verir.
Yeni il İtaliyada
İtaliyalı uşaqların isə Şaxta babaları yox,
Şaxta nənələri var. Onun adı Befan nənədir. Bu ölkədə Yeni ili
bərkdən qışqıraraq qarşılamaq adəti var. Ucadan danışmaq italyanlar
üçün adi hal olsa da Yeni il gecəsi onlar öz
səslərinə tam sərbəstlik verirlər. Beləcə onlar həm də köhnə ilə
vidalaşırlar. Əgər Yeni il bayramı ərəfəsində təsadüfən Roma
küçələrindən keçsəniz ehtiyatlı olun.
Çünki pəncərələrdən atılan köhnə ev əşyalarına hədəf
ola bilərsiniz. İtalyanlar hesab edirlər ki, Yeni ilin astanasında
bütün pis fikirlərdən və köhnə əşyalardan xilas olmaq
lazımdır.
Yeni il Böyük Britaniyada
Böyük Britaniyada bayram
günü evdə ideal təmizlik və qanun-qayda hökm
sürməlidir. Gecə düşərkən ailənin başçısı illərin
yerdəyişməsi üçün evin bütün qapılarını
geniş açır. Daha sonra qapı bağlanır və evə ilk gələcək qonaq
həyəcan və səbirsizliklə gözlənilir. İnanca görə ilin necə
keçəcəyi içəri girən adamın görkəmindən çox
asılıdır. Qadınlar, sarışınlar və əsmərlər o qədər də arzuolunan
deyillər. Ən uğurlu qonaq kurən kişi hesab olunur. Dəhşətli hadisə,
çatmaqaş adamın içəri girməsinə qarşı isə o dəqiqə
ehtiyat tədbirləri görülür. Ocağa duz atılır, qapıdan
xaç asılır. Gələn qonaq özüylə viski, şirin
çörək və kömür gətirməlidir. Kömür
ocağa atılır ki, Yeni ildə ailə ocağı daha gur yansın.
Yeni il İslandiyada
İslandiyada bütün dekabr ayı
boyunca kiçiklər öz valideynlərini xeyli
təəccübləndirirlər. Bu balaca çoxbilmişlər Şaxta babanın
onlara göz qoymasından ehtiyatlanaraq ay boyu özlərini yaxşı
aparır, dəcəllik etmirlər. Əks halda bayram gecəsi sobanın yanına
qoyduqları çəkmələrin içində kartof və ya bir
parça kömür tapa bilərlər.
Yeni il Almaniyada
Almanlar Yeni il gecəsi saat 12-ni
vurarkən ovuclarında metal pul sıxaraq tullanırlar. İnanırlar ki, bunu
etsələr yeni il daha bərəkətli olacaq.
Yeni il Finlandiyada
Finlandiyada Yeni il süfrəsi gavalı
kiseli və düyü sıyığı olmadan təsəvvür edilmir. Bayramın
əsas qəhrəmanı isə fin Şaxta baba — Youlupukkidir.
Yeni il İspaniyada
İspaniyada bayram günü hamı şəhərin mərkəzi meydanına axışır.
Üzüm yeməyə. Həm də kütləvi şəkildə. Hər kəs
müəyyən vaxt ərzində 12 salxım üzüm yeməlidir. Bayram
axşamı küçələrdə müxtəlif tələlər qurulur. Bu onun
üçündür ki, pis qüvvələr köhnə ildə
ilişib qalsın.
Yeni il Avstriyada
Avstriyada hələ qədimlərdən Yeni il bayramının xeyirxah obrazları
bacatəmizləyən və donuzdur. Bu, əlbəttə, sonuncunun bayram
süfrəsində həzm-rabedən keçirilməsinə mane olmur.
Yeni il Braziliyada
Braziliyada Yeni il toplardan atılan atəşlərlə qarşılanır. Atəş səsi
eşidəndə hamı bir-birini qucaqlayıb öpməyə başlayır. İnanırlar ki,
həmin an sənə əziz olan birini öpməyə imkan tapsan il xoşbəxtlik
içində keçəcək.
Yeni il Yaponiyada
Yaponiyada bayram günü budda
məbədlərindəki bürünc zənglər 108 dəfə çalınır. Bu
rəqəm təsadüfi seçilməyib. Yaponlar hesab edirlər ki, hər
bir zərbə insan həyatını məhv etməyə qadir olan 108 ziyanlı ehtirasdan
birini qovur. Bununla da gündoğar ölkənin sakinləri Yeni ili təmiz ruhla qarşılayırlar.
Yeni il Çində
Çində də bayram günü
böyük səs-küy və atəşfəşanlıqla keçir. Bununla
çinlilər Yeni ilin gəlişinə mane olan şər qüvvələri
qovduqlarını düşünürlər.
Şam ağacının bəzədilməsi ənənəsi
Yeni il bayramını al-əlvan, bərli-bəzəkli
yolkasız təsəvvür etmək qeyri-mümkündür. Əlbəttə,
bu yolka təbii küknar ağacından olsa və yarpaqları ətir
saçsa daha gözəl olardı. Amma təbiəti qorumaq xatirinə
süni yolkalarla da keçinmək olar. Bəs Yeni il bayramında
yolka bəzəməyin mənası nədir? Çoxları yolka bəzəmək ənənəsini də
xristian diniylə əlaqələndirir. Əslində isə, həyat rəmzi olan yolkanın
bəzənməsi tarixi xristianlıqdan əvvəl başlayıb və hansısa bir dinlə
bağlı deyil. Hələ miladdan çox-çox əvvəl qədim Misirin
sakinləri dekabrın ən qısa günlərində yaşıl palma ağaclarını
evlərinə gətirirdilər. Bu, həyatın ölüm üzərində
qələbəsinin rəmzi idi. Romalılar isə əkin Allahının şərəfinə evlərini
yarpaqlarla bəzəyirdilər. Druidlər palıd budaqlarına qızıl almalar asıb
qış bayramını qeyd edirdilər. Orta əsrlərdə qırmızı almalarla
bəzədilmiş həmişəyaşıl ağaclar dekabrın 25-də qeyd edilən Adəm və Həvva
bayramının rəmzi idi. Yeni il yolkası haqqında ilk yazılı məlumat XVI
əsrə təsadüf edir. Həmin mənbələrə görə, o vaxt alman şəhəri
olan Strasburqda Yeni il gecəsi həm kasıb, həm də adlı-sanlı zadəgan
ailələrində şam ağacları rəngli kağızlar, meyvələr və şirniyyatla
bəzədilirmiş. Vaxt keçdikcə bu adət bütün Avropaya
yayılır. Yeni dünyaya — Amerikaya yolkanı burada məskunlaşan
almanlar gətiriblər. 1851-ci ildə burada ilk dəfə təntənəli şəkildə
yolka fənərlərinin yandırılması mərasimi keçirilib. O vaxtdan
hər il Yeni il bayramında Ağ evin qarşısında bu mərasim
keçirilir. Beləcə yolka bütün dünyada məşhurlaşıb.