Şou-biznesin qohumları - ARAŞDIRMA
Onların çoxu bir-birinə "mehriban düşmən”dir
"Heç vaxt icazə vermərəm ki, övladım mənim peşəmi davam etdirsin!”
Belə
kəskin və emosional fikirləri ən çox kim səsləndirir,
düşünmək üçün çox da ağıllı olmaq
lazım deyil. Belə cümlələrin müəllifi adətən müğənnilər,
aktrisa və aktyorlar, incəsənət nümayəndələri olur.
Düzdür, bu kəskin qərara başqa peşə nümayəndələrini də
aid etmək olar, amma belə hallarda nisbilik anlayışını unutsaq, daha
yaxşıdır...
Görəsən,
evdən qaçan, valideynlərini istəklərinə qarşı çıxan,
kumirlərindən təsirlənən sənət sahiblərini sonda belə
düşünməyə nə vadar edir? Bu da sirr deyil, bir neçə
saat televizor qarşısında oturmaq, toy və ya şou-proqramlarda iştirak
etmək və yaxud da mötəbər bir iş adamının məziyyətlərindən bəhs
edən dedi-qodunu dinləmək kifayətdir.
Amma
buna baxmayaraq, şou-biznesə tək yox, cüt və toplu halda gələnlər,
fəaliyyət göstərənlər də az deyil. Lent.az-ın kiçik
araşdırması şou-biznesin qohumlarına aiddir.
Araşdırmada xalq artisti Brilliant Dadaşovanın
adını birinci qeyd etmək təbii ki, yerinə düşər. Onun anası
Azərbaycanın məşhur qarmon ifaçısı, 1966-cı ildə avtomobil
qəzasında həlak olmuş Qızxanım Dadaşova dövrünün tanınan
sənətçilərindən olub. Bu siyahını əmisi Məlik Dadaşov, əmisioğlu
–xalq artisti Rafael Dadaşov, bacıları Lalə, Sədaqət, İradə
Dadaşovalar, eləcə də İradə Dadaşovanın oğlu Cəmil, Rafael Dadaşov və
Sədaqət Dadaşovanın evliliyindən olan qızları Səidə Dadaşovanın adı ilə
xeyli genişləndirmək olar.
Xalq artisti Nazpəri Dostəliyevanın
dövrünün populyar müğənnisi olan Zeynəb Dostəliyeva
ilə bacı olması da hamıya məlumdur. Kiçik bacının son onillikdə
sənət aləminə hit mahnılarla addım atması və "Nə olar
Allahım” mahnısı ilə tanınması bu gün xalq artisti adına
sahib olması ilə nəticələnib. İki bacının arasında bir vaxtlar baş
verən münaqişə də Dostəliyevaların tarixçəsində öz
yerini tutur. Yeri gəlmişkən, böyük bacı bu günlərdə
radio verilişində canlı yayıma bağlanaraq, bu münaqişələrdə marağı
olan şəxslərin onu qızışdırdığını deyib və nəticə olaraq şərh verib:
"Səhvsiz insan olmur...”
"Mafioz” xalq artistləri arasında Mələkxanım Əyyubovanın
da adını çəkmək olar. Ramal və Vüsal İsrafilovlar
müğənninin qardaşı oğulları, xalq ulduzu Mirkamil bacısı oğludur.
Bu qohumluq hətta Samir Piriyevə qədər gedib çatır. Deyilənlərə
görə, müğənni gənclərə münasibətdə bir qədər soyuq
davranır. Görünür, əsl sənətlə zirvəyə yüksələn
xalq artisti ifaçının öz zəhməti bahasına ucalmasının
tərəfdarıdır.
Xalq artisti Yaşar Nurinin
bacısı oğlu Rüfət Axundov dayısı kimi aktyor olmasa da
müğənnilikdən çox aktyorluğu daha yaxşı bacarır. Buna onun
ifası və oynadığı səhnəciklər sübutdur.
SSRİ və Azərbaycanın xalq artisti Zeynəb Xanlarova və
qardaşı qızı aktrisa Mehriban Xanlarova mövzuya aidiyyəti olan
şəxslərdir. Mehriban Xanlarova müsahibələrinin birində etiraf
etmişdi ki, Zeynəb xanım qohum kimi adının çox hallanmasının
tərəfdarı deyil.
Manaf Ağayev və qardaşı oğlu Natiq Ağayev də araşdırmaya daxildir. Hər iki ifaçının janrı eynidir.
Elşad və Rəvan Qarayev ifa və sənət baxımında bir-birinə bənzəyən ata-baladır.
İlhamə Quliyeva
ilə Əli Mirəliyevin qohum olduğunu bilənlər də var, bilməyənlər də. Əli
Mirəliyevin həyat yoldaşı ilə İlhamə Quliyeva bibi-dayıuşağıdırlar.
Firuzə İbadova
və hazırda həbsxanada olan aktrisa Rəhilə İbadova bacıdırlar. Deyirlər,
Firuzə İbadova bacısının həbsxanada olmasından mənəvi əzab
çəkir, bir ara hətta səhnədən uzaqlaşmaq istəyib.
Gülyanaq və Gülyaz Məmmədovaların
bir-birindən istedadlı bacısı olsa da qalan üç bacı sənət
meydanına yaxın getməyib. Düşünüblər, "eybi
yoxdur, qoy, səhnədə elə iki bacımız parıldasın...”
Əfsanəvi Rəşid Behbudov qızı Rəşidə Behbudova adı, sənəti ilə bütünlükdə atasını xatırladır.
Sara Qədimova
ömrünün son günlərinə qədər sənət fəaliyyəti
göstərsə də, oğlu Akif İslamzadə səsi tellərində problem
yaranandan sonra ifaçılıqdan uzaqlaşdı.
Mərhum müğənni Səxavət Məmmədovun yolunu qardaşı Firuz Səxavət davam etdirir.
Musa Musayev və Təranə Qumral həm həyat yoldaşlarıdır, həm də duet ortağı...
Aybəniz və Şahnaz Haşımova bacılarının bir-birlərilə mehribançılığı mətbuatın diqqət mərkəzindədir.
Niyamədin Musayevin
qardaşı oğlu Cabbar Musayev solo fəaliyyət göstərsə də, əvvəlki
illərdə olduğu kimi hazırda Niyaməddin Musayevin adı ilə xatırlanmır.
İndi müğənni daha çox Könül Kərimova ilə birlikdə
görünür və adları qoşa çəkilir.
Bacılarını sənət aləminə yaxın buraxmayan sənətçilərə Röya və Elnarəni
misal çəkmək olar. Hər iki sənətçinin bacıları
özlərindən bir az sonra fəaliyyətə başlamasına baxmayaraq,
ifaçılar bacılarını sənət aləminin çirkli mühitində
görməkdənsə, xoşbəxt ailə üzvü kimi görmək
istədiklərini dəfələrlə etiraf ediblər. Röyanın bacısı Rüsalə
Nailə Mirməmmədlinin "Kapriz” qrupunun üzvü idi,
Elnarənin kiçik bacısı Elina isə telemüsabiqələrdən birində
iştirak etmişdi. Hazırda Röyanın bacısı ailəlidir, bir oğlu var.