Qrup: Qonaq
Sizin Brauzer:, versiya
Bugun: 18.04.2024 il
Rəqib Olmayanda Qalib Gəlmək Çətin Deyil!
Карта сайта Adminlə Əlaqə Ana Sehife

Qeydiyyat

Chat

Reklam

Sorgu

Saytın Yeni Dizaynını Bəyənirsiz?


Reklam

Reklam

Hava Haqqinda

Reklam

Reklam

Sayğac

Hal-hazirda saytda: 1
Qonaq: 1
Istifadeci: 0

Ana Sehife » 2010 » Yanvar » 20 » 20 Yanvar Ümumxalq Matəm Günüdür. (20 Yanvar Faciəsindən 20 İl Ötür!)
MuəllifMuəllif: ADMIN | TarixTarix: 18.04.2024 |Голосов: 0



20 Yanvar Faciəsindən 20 İl Ötür!


Vətən şəhidlərini heç vaxt unutmayacaq 20 Yanvar Azərbaycan xalqının hüzn və şərəf günüdür. Xalqımız bu faciədə həyatdan getmiş övladlarına matəm saxlamaqla bərabər, eyni zamanda onların şəhidlik zirvəsinə baxaraq başını dik tutmalıdır. Çünki Vətən və torpaq şəhidləri ilə ucalır. Sabah "Qanlı Yanvar"ın 20-ci ildönümüdür.









Vətən şəhidlərini heç vaxt unutmayacaq 20 Yanvar Azərbaycan xalqının hüzn və şərəf günüdür. Xalqımız bu faciədə həyatdan getmiş övladlarına matəm saxlamaqla bərabər, eyni zamanda onların şəhidlik zirvəsinə baxaraq başını dik tutmalıdır. Çünki Vətən və torpaq şəhidləri ilə ucalır. Sabah "Qanlı Yanvar"ın 20-ci ildönümüdür. 20 il öncə Azərbaycan xalqının taleyində də nəhs və qorxunc günlər yaşanırdı. Xalqımız qırmızı imperiyanın "Qızıl ordusu"nun, sovet hərb maşınının zoruna məruz qalmışdı. Xalqımız təcavüzə uğramış, günahsız insanlar gülləbaran edilmiş, milli heysiyyatımız tankların tırtılları altına atılmışdı.

20 Yanvar faciəsi Azərbaycan xalqını qorxutmaq, onun milli oyanışını, torpaq (Qarabağ) uğrunda mübarizliyini məhv edib sındırmaq məqsədi daşıyan mənfur planın tərkib hissəsi idi. ...1990-cı ilin 20 Yanvarından ötən illəri bir qayda olaraq yalnız kədər, hüzn, matəm (bu əhvalı ifadə edən sözlərin sırasını daha da uzatmaq olar) kimi qeyd etmişik, şəhidlərimizin ruhunu ağı və sızıntı ilə anmışıq. Ümumxalq hüzn günü bu əhval təbiidir. Amma bir şeyi unutmamalıyıq ki, 20 Yanvar Azərbaycan xalqının tarixində, sadəcə, ağı və acı ilə xatırlanacaq gün deyil. 20 Yanvar həm də xalqımızın şan və şərəf günüdür. Unutmamalıyıq ki, həmin gün küçələri boyamış al şəhid qanları bir anlamda milli məfkurəmizin oyanan günəşinin qırmızı şəfəqini simvolizə edirdi. Xalqımız həmin gün üstünə şığıyan dəhşətli kabusa, sovet hərbiyyəsinin qorxunc qaragürahuna qarşı sinəsini verməyi və deməli, özünün mənliyini və mətinliyini nümayiş etdirməyi bacardı. Məhz həmin hadisələr bilavasitə nümayiş etdirdi ki, Azərbaycan xalqı özgürlük mübarizəsinə qalxmaq, pozulmuş hüquqlarının, suverenliyinin bərpa olunması uğrunda savaşmaq əzminə sahibdir. 1990-cı ilin 20 Yanvarı Azərbaycanın istiqlaliyyət yolunun ilk şəhidlik zirvəsi idi. Ötən illər ərzində "Qanlı Yanvar"ın tarixi, mənəvi, siyasi və s. aspektləri analiz edilib, hadisəyə Azərbaycan dövləti tərəfindən hüquqi qiymət verilib.

Lakin təəssüf edilməlidir ki, biz indiyədək bu tarixi dünyaya yetərincə tanıda bilməmişik. Dünya hələ də 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycanda, onun paytaxtı Bakıda nələrin baş verdiyindən xeyli dərəcədə səthi informasiyaya malikdir.

...Həmin gün Azərbaycanın o vaxtkı rəhbərliyinin istəyi və SSRİ rəhbərliyinin əmri ilə Azərbaycanda kommunist rejimini saxlamaq və milli azadlıq hərəkatını boğmaq məqsədilə Bakıya böyük bir ordu (rəsmi rəqəm 35 mini göstərir) yeridilmişdi. SSRİ Müdafiə Nazirliyi, DİN və DTK-nın hazırlayıb həyata keçirdiyi "Udar" adlı əməliyyatda əsas rolu xüsusi təyinatlı "ALFA" və SSRİ DTK-nın "A" təxribat qrupları oynayırdı. Sovet qoşunlarının təcavüzü nəticəsində Bakıda 184 mülki vətəndaş öldürülmüş, 600-dən çox adam yaralanmışdı. Öldürülənlər arasında beş millətin nümayəndələri, 20-dən çox qadın, uşaq var idi. "Qara Yanvar"ın indiyədək özündə saxladığı sirlər çoxdur. 100 cildlik istintaq materialının 69 cildi Bakıdan Moskvaya, keçmiş SSRİ Prokurorluğuna aparılıb və bir daha geri qaytarılmayıb. Azərbaycan xalqının məruz qaldığı bu təcavüz indiyədək bəşəriyyət əleyhinə cinayət kimi beynəlxalq müstəvidə layiq olduğu təsnifatı almayıb.

Bu hadisələrə emosiya, kədər, yaxud mübarizlik səlnaməsi kimi pafoslu münasibətlə bərabər, bir qədər də soyuqqanlı olub, o hadisələrin gerçək mahiyyətini dünya birliyinin, çeşidli beynəlxalq təşkilatların önünə qoymaq barədə düşünməli, 20 Yanvara beynəlxalq-hüquqi qiymətin verilməsinə çalışmalıyıq. Artıq 20 il keçib, biz bu istiqamətdə xeyli ləngimişik. Bu hadisələrin beynəlxalq müstəvidə gərəkən tarixi, siyasi və hüquqi qiymət almamasının səbəbini faicənin ilk günlərində axtarmaq lazımdır. Hadisədən dərhal sonra Azərbaycanın o vaxtkı rəhbərliyi nəinki 20 Yanvarın gerçək miqyas və mahiyyətini dünya birliyinin diqqətinə çatdırmadı, əksinə, yeritdiyi səbatsız siyasətlə faktiki olaraq Sovet Ordusu birləşmələrinin hərbi təcavüzünü retuş etmiş oldu. Verilən hər bəyanatda, atılan hər addımda Moskvaya boylanma, Mərkəzin əhvalının göz önünə alınması aşkar idi. Digər tərəfdən, 20 Yanvar Azərbaycanda lap əvvəldən siyasi "razborka" predmeti olub, "Faciənin günahkarları kimdir?" sualına cavab daha çox Azərbaycanın daxilində axtarılıb, nəinki gerçək ünvanlarda. Məhz 20 yanvara daxili-siyasi konyukturdan yanaşma dünyanın gözündə bu hadisənin mahiyyətini kiçiltdi. Əksər ölkələr 20 Yanvarın Azərbaycandakı daxili siyasi mübarizənin, hakimiyyət davasının nəticəsi kimi dəyərləndirdi. Beynəlxalq birlik 1956-cı ilin Budapeşt, 1968-ci ilin Praqa, o cümlədən 1989-cu ilin Tbilisi, 1991-ci ilin Riqa və Vilnüs hadisələrinə müvafiq hüquqi qiymət verdiyi halda, 1990-cı ilin Yanvar hadisələri Moskvanın hanısısa ekstremist qüvvələri zərərsizləşdirmək və guya dinc əhalini qırğınlardan, xaosdan qorumaq üçün atdığı məcburi addım kimi tanındı. O vaxtkı Azərbaycan rəhbərliyinin bivec və qorxaq siyasəti üzündən 20 Yanvar nəinki beynəlxalq, hətta ittifaq müstəvisində (SSRİ-nin mövcud olduğu dövrdə) də layiq olduğu hüquqi-siyasi təsnifatı almamışdı.

20 Yanvardan sonra Azərbaycan rəhbərliyinin atdığı addımlar cəsarətsizlik və siyasi təslimçilik nümayişi idi. O vaxt Azərbaycan xalqı adından Bakıdan verilən yegənə etiraz bəyanatı Şeyxülislam Allahşükür Paşazadə tərəfindən verilmişdi. SSRİ rəhbərliyinə, habelə BMT-yə, dünya dövlətlərinə ünvanlanan və kəskinliyi ilə seçilən bu bəyanatda 20 Yanvar faciəsinin törədilməsinə görə günahın bilavasitə Kremlin və M.Qorbaçovun üzərinə düşdüyü vurğulanırdı. Həmin günlər Azərbaycan xalqı adından ən ciddi bəyanatı isə Moskvada yaşayan Heydər Əliyev verdi. Bilavasitə imperiyanın mərkəzində, dünyanın onlarla KİV təmsilçisinin qarşısında verilən bu bəyanat böyük rezonans doğurdu.

SSRİ-nin digər bölgələrində, o cümlədən Tbilisidə və Baltikyanı respublikalarda baş vermiş hadisələr sovet rəhbərliyi, xalq deputatları səviyyəsində müzakirə edilsə də, 20 Yanvar hadisələri şüurlu şəkildə təhrif edilərək yanlış yozuma və unutqanlığa məhkum edilmişdi. Bircə faktı vurğulamaq yetər ki, SSRİ prezidenti M.Qorbaçov Azərbaycanda həyata keçirilmiş əməliyyata yalnız bir dəfə, 1991-ci ildə, 20 Yanvarın ildönümündə Azərbaycan xalqına başsağlığı (?) verməklə münasibət bildirmişdi.

Heç şübhəsiz ki, XX əsrdə totalitarizmin törətdiyi ən qanlı terror aktları sırasında 20 Yanvar cinayəti də var. Bu, bəşəriyyət və insanlıq əleyhinə törədilmiş dəhşətli əməl idi. Dinc əhaliyə qarşı həyata keçirilən cəza tədbirləri zamanı 1949-cu ilin Cenevrə Konvensiyasının, Beynəlxalq Hərbi Tribunalın Əsasnaməsinin, Beynəlxalq İnsan haqları Bəyannaməsinin, insan haqlarına dair digər beynəlxalq aktların çoxsaylı müddəaları pozulmuşdu. Bu məqamlar 20 Yanvar hadisələri ilə bağlı aparılmış ən səthi təhqiqatlarda da təsdiqlənir. Onları bir araya gətirib dünyanın diqqətinə çıxarmaqla, gec də olsa, beynəlxalq müstəvidə 20 Yanvar barəsində gərəkən rəyin formalaşmasına nail olmalıyıq. 20 Yanvar Azərbaycan xalqının tarixində təkcə qara çərçivədə anılası gün olmamalıdır. Biz bu günün gerçək önəmini onun hüzn və şərəfi ilə birgə yaşamalıyıq. Ən önəmlisi isə bu tarixi, 20 Yanvar faciəsinin Azərbaycan xalqına qarşı məqsədli qırğın, soyqırımı kampaniyasının bir halqası olduğunu dünyaya tanıtdırmağı bacarmalıyıq. Ona görə yox ki, dünya da bizim hüznə şərik olub matəm tutsun. Ona görə ki, dünya Azərbaycanın və azərbaycanlıların tarixini olduğu kimi dərk etsin. Bu aksiyanın Azərbaycan üçün, onun beynəlxalq imici üçün heç də formal olmayan əhəmiyyəti var...

Qanlı tarix İllər, əsrlər ötsə də, bu söz dəyişməyəcək. Bu, həqiqətən də Azərbaycanın salnaməsinə yazılmış qanlı tarixdir. "1990. 20 Yanvar".

Yığıncaqlar, mitinqlər... Uzun illərin sovet imperiyası boyunduruğundan azad olmaq istəyi... İnsanlarda sanki bir inam, stimul yaranmışdı...

Axşam saat 9-dan sonra şəhərin küçələrində şütüyən maşınlardakı meqafonla insanları - vətənini sevənləri XI Qızıl Ordu meydanına çağırırdılar. Hamı axın-axın yalnız bir səmtə - Biləcəri yoluna tərəf axışırdı. Lakin sadə insanların heç biri təsəvvürünə belə gətirə bilməzdi ki, "möhtəşəm" sovet əsgəri - tankı, hərbi texnikası Bakı nefti ilə təmin olunan ordu əliyalın xalqa silah tuşlayar, atəş açar...

Faciə törədildi, günahsız insanlar şəhid oldular...


Heç zaman unudulmayacaq o gündən 18 il keçməsinə baxmayaraq, hərdən düşünürəm: görəsən, insanlar belə bir dəhşətli faciənin törədiləcəyini bilsəydilər, yenidən küçələrə axışardılarmı? Bunun cavabını elə o dövrdə - şəhidlərin dəfni zamanı bütün qoyulan qadağalara baxmayaraq, Azadlıq meydanından Dağüstü parka, indiki Şəhidlər xiyabanınadək uzanan insan axını, qorxu, hürkü bilməyən izdiham vermişdi.

O gün gecənin zülmətindən istifadə edən "şücaətli" rus əsgəri yurddaşlarımızın əzəmətindən qorxub gizlənmişdi. O gün Moskvada matəm saxlayan Heydər Əliyevin etiraz səsi bütün dünyaya yayıldı. O gün heç kəs başını aşağı əymədi. Biz şəhid verdik, lakin qalib gəldik. Biz nə əyildik, nə sındıq. O gün "Azadlıq!" sədası göylərə qalxdı. Biz o azadlığı qanımız bahasına əldə etdik... Elə bir gün olmur ki, Şəhidlər xiyabanı adamsız, yalqız qalsın. Dövlət başçımızın görüşünə gələn xarici qonaqlar da buranı ziyarət edir, şəhidlərin şərəfinə yandırılan əbədi məşəl qarşısında baş əyirlər. Axı nə idi o qocaların, körpələrin günahı?!

İndi nəyin bahasına olursa-olsun biz hamımız azadlığımızı qorumalıyıq. Budur bizim şəhidlər qarşısında müqəddəs borcumuz!

Ruhunuz şad olsun! Sizin Azərbaycanın suverenliyi, müstəqilliyi, azadlığı, firavan gələcəyi uğrunda axıtdığınız qan hədər getməyib.

Hər birimiz Şəhidlər xiyabanına gedərkən içərimizdə xəfif titrəyiş hiss edirik. Oradan qayıdanda isə bu titrəyiş qürur hissi ilə əvəz olunur. Başqa cür ola da bilməz!

Yox, bu gün ürəyimiz ağrısa da, biz ağlamayacağıq! Hər bir şəhid - istər yaşlı, istər gənc, istərsə də körpə - bizim hər birimizin vüqarıdır. Gəlin vüqarlı olaq!






"Şit” təşkilatı ekspertlərinin hesabatından:


-adamları xüsusi qəddarlıqla və yaxın məsafədən güllələmişlər. Məsələn, Y.Meyeroviçə 21, D.Xanməmmədova 10-dan çox, R.Rüstəmova 23 güllə vurulmuşdur;

-xəstəxanalar, "təcili yardım” maşınları atəşə tutulmuş, həkimlər öldürülmüşdür;

-adamlar süngü-bıçaqla qətlə yetirilmişdir. Onların arasında hər iki gözü tutulmuş B.Yefimtsev də var;

-"Kalaşnikov” avtomatının ağırlıq mərkəzi dəyişən 5,45 çaplı güllələrindən istifadə edilmişdir.

Həlak olanlar arasında yetkinlik yaşına çatmayanlar, qadınlar, qocalar, şikəstlər də var idi. Qorbaçovun və ətrafındakıların "millətçi ekstremistlər” adlandırdıqları bunlar idimi?

Yanvarın 20-də artıq bütün dünya Bakıda törədilmiş dəhşətli qırğından xəbər tutdu. Amma görün, o vaxtkı sovet imperiyasının ideoloji ruporu olan "Pravda” qəzeti 22 yanvar tarixli nömrəsində nə yazırdı: "Fövqəladə vəziyyət elan edilməsi üçün görülmüş tədbirlər nəticəsində guya qadınlar və uşaqların tələf olması barədə bəyanatlar aşkar fitnəkar xarakter daşıyır. Bir daha təkrar etmək lazımdır ki, bu, qərəzli yalandır! Ondan məqsəd əhalini sovet ordusuna və hüquq mühafizə orqanlarına qarşı qaldırmaqdır”...

Qorbaçovun qısqanclığı və ermənilərin fitvası ilə 1987-ci ildə Sovet İttifaqının rəhbərliyindən uzaqlaşdırılan, lakin bundan sonra da Moskvanın təqib və təzyiqlərinə məruz qalan Heydər Əliyev Bakıda törədilən faciənin ertəsi günü - yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəlib mətbuat konfransı keçirdi və kəskin bəyanatla çıxış edərək, sovet rəhbərliyinin Azərbaycan xalqına qarşı təcavüzünü açıq şəkildə pislədi. Ancaq təəssüf ki, Azərbaycanın o vaxtkı rəhbərləri tamamilə əks mövqe tutmuşdular və hələ də gözləri Moskvada idi...

20 Yanvar və Azərbaycan tarixində ondan əvvəlki faciəli hadisələr XX əsr boyu xalqımıza qarşı yeridilən düşünülmüş siyasətin növbəti təzahürü idi. Azərbaycan xalqına qarşı soyqırımı, sovet hakimiyyəti illərində Azərbaycan ərazilərinin tədricən ilhaq olunması, nəticədə ölkənin ərazisinin 125 min kvadratkilometrdən 87 min kvadratkilometrədək azalması, sovet rəhbərliyinin havadarlığı ilə başlayan Dağlıq Qarabağ hadisələri, azərbaycanlıların Ermənistan ərazisindəki əzəli torpaqlarından qovulması bu siyasətin mərhələləridir.

1990-cı ilin yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. Həmin müdhiş gecədə həlak olan vətən oğulları Azərbaycanın tarixinə parlaq səhifə yazdılar, xalqın milli azadlığı, müstəqilliyi üçün yol açdılar... Azərbaycan dövlət müstəqilliyini əldə etdikdən sonrakı ilk illərdə başları hakimiyyət uğrunda mübarizəyə qarışmış respublika rəhbərləri 20 Yanvar qırğınına siyasi-hüquqi qiymət verilməsi və cinayətkarların müəyyən edilməsi istiqamətində məqsədyönlü iş aparmadılar. Yalnız Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev yenidən siyasi rəhbərliyə qayıtdıqdan sonra, 1994-cü ildə Qanlı Yanvar hadisələrinə tam siyasi-hüquqi qiymət verildi, faciənin günahkarlarının adları açıq şəkildə bəyan edildi...

Bakının ən yüksək nöqtələrindən birində hər bir azərbaycanlı üçün müqəddəs and yerinə çevrilmiş bir yer var. Bu, 20 Yanvar qurbanlarının və Ermənistanın hərbi təcavüzünə qarşı döyüşlərdə həlak olanların dəfn edildiyi Şəhidlər xiyabanıdır. Hər il yanvarın 20-də minlərlə insan buranı ziyarət edir, Vətənin azadlığı və suverenliyi uğrunda canlarından keçmiş Azərbaycan oğul və qızlarının əziz xatirəsini ehtiramla yad edir. Nəsillər dəyişəcək, lakin Vətən oğullarının xatirəsi ürəklərdə əbədi yaşayacaqdır.



«20 yanvar faciəsi və rabitəçilər» çapdan çıxmış kitab belə adlanır





Qanlı yanvar faciəsindən 18 il keçməsinə baxmayaraq xalqımız həmin günü şəhidlərin ruhunu ehtiramla yad edir, xatirələrini əziz tutur. Kitab ön sözdən, «Qan yaddaşı», «Leysandan əvvəl çaxan şimşək», «Tarix unutqanlığı bağışlamır», «Şəhidlik zirvəsinə ucalan rabitəçilər», «Ağrılı- acılı xatirələr», «Qəm karvanı» və s. bölmələrdən ibarətdir.


20 yanvar - qan yaddaşımız!




Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrindən on səkkiz il keçir. Keçmiş sovet dövlətinin hərb maşınının həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi vəhşi terror aktı insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixində qara səhifə olaraq qalacaqdır. Milli azadlığı, ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə divan tutulması, kütləvi terror nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi.

Sovet Ordusunun böyük kontingentinin, xüsusi təyinatlı bölmələrin və daxili qoşunların Bakıya yeridilməsi xüsusi qəddarlıq və görünməmiş vəhşiliklə müşayiət edildi. Kommunist diktaturası Çexoslovakiyaya, Macarıstana, Əfqanıstana qarşı həyata keçirdiyi hərbi müdaxiləni hətta o zamankı Sovet İttifaqının müttəfiq respublikalarından biri olan Azərbaycanda da təkrarlamaqdan çəkinmədi. Həmin vaxt Azərbaycan qonşu Ermənistanın da təcavüzünə məruz qalmışdı. Belə bir şəraitdə sovet rəhbərliyi nəinki münaqişənin qarşısını almaq üçün qəti tədbirlər görməmiş, əksinə, Azərbaycana yeridilən ordu hissələrinin tərkibinə Stavropol, Krasnodar və Rostovdan səfərbərliyə alınan erməni əsgər və zabitləri, sovet hərbi hissələrində xidmət edən ermənilər, hətta erməni kursantlar da daxil edilmişdi.

Bakıya yeridilmiş qoşun kontingentinə, - bəzi məlumata görə, onun sayı 60 min nəfərə çatırdı, - "doyüş tapşırığını” yerinə yetirmək üçün möhkəm psixoloji hazırlıq keçmişdilər ("Şit” təşkilatı müstəqil hərbi ekspertlərinin hesabatından): sizi Bakıya rusları müdafiə etmək üçün gətirmişlər, yerli əhali onları vəhşiçəsinə məhv edir; ekstremistlər Salyan kazarmalarının (Bakıda əsas hərbi qarnizonun yerləşdiyi ərazi) ətrafındakı evlərin damlarında snayperlər yerləşdirmişlər, təkcə bu ərazidə 110 atəş nöqtəsi var; binalar, mənzillər Azərbaycan Xalq Cəbhəsinin yaraqlıları ilə doludur, onlar sizi güclü avtomat-pulemyot atəşinə tutacaqlar.

Mixail Qorbaçov başda olmaqla sovet imperiyasının rəhbərliyi Bakıda "rus və erməni kartından” məharətlə istifadə etdi. Guya Bakıya qoşun onları, hərbi qulluqçuların ailələrini qorumaq, "millətçi ekstremistlər” tərəfindən hakimiyyətin zorakılıqla ələ keçirilməsinin qarşısını almaq üçün yeridilmişdi. Əslində isə bu açıq riyakarlıq, ağ yalan idi. Çünki sovet rəhbərliyinin "dəlilləri” hətta həqiqətə yaxın olsaydı belə, Bakıya təpədən-dırnağadək silahlandırılmış qoşun göndərməyə ehtiyac yox idi. Ona görə ki, həmin vaxt burada daxili qoşunların 11,5 min əsgəri, Müdafiə Nazirliyinə tabe olan Bakı qarnizonunun çoxsaylı hərbi hissələri, hava hücumundan müdafiə qüvvələri var idi. 4-cü ordunun komandanlığı da Bakıda yerləşirdi.

Bütün bunlara baxmayaraq, 1990-cı il yanvarın 19-da Mixail Qorbaçov SSRİ Konstitusiyasının 119-cu, Azərbaycan SSR Konstitusiyasının 71-ci maddələrini kobud şəkildə pozaraq, yanvarın 20-dən Bakıda fövqəladə vəziyyət elan edilməsi haqqında fərman imzaladı. Lakin SSRİ DTK-nın "Alfa” qrupu yanvarın 19-da saat 19.27-də Azərbaycan televiziyasının enerji blokunu partlatdı, respublikada televiziya verilişləri dayandırıldı. Gecə isə qoşun fövqəladə vəziyyət elan edilməsindən xəbərsiz olan şəhərə daxil oldu və əhaliyə divan tutmağa başladı. Qorbaçovun fərmanı qüvvəyə minənədək - yanvarın 20-də saat 00-dək artıq 9 nəfər öldürülmüşdü. Bakıda fövqəladə vəziyyətin elan olunması haqqında məlumat isə əhaliyə yalnız yanvarın 20-də səhər saat 7-də respublika radiosu ilə çatdırıldı. Həmin vaxt öldürülənlərin sayı 100 nəfərə çatmışdı. Halbuki, Qorbaçovun Azərbaycana ezam etdiyi yüksək vəzifəli emissarlar həyasızcasına bəyan edirdilər ki, Bakıda fövqəladə vəziyyət elan olunmayacaqdır. Bax, əli yüzlərlə insanın qanına batmış, sonralar Nobel sülh mükafatı (?!) almış Mixail Qorbaçov başda olmaqla sovet imperiyası rəhbərliyinin rəzil siması bu idi...

Tanklar, zirehli transportyorlar Bakı küçələrində qarşılarına çıxan hər şeyi əzir, hərbçilər hər yanı amansız atəşə tuturdular. İnsanlar nəinki küçələrdə, hətta avtobusda gedərkən, öz mənzillərində oturduqları yerdə güllələrə tuş gəlirdilər. Yaralıları aparmağa gələn "təcili yardım” maşınlarını və tibb işçilərini də atəşə tuturdular. Bir neçə gün ərzində 137 nəfər öldürüldü, 700-dək yaralandı, 800-dən çox adam qanunsuz həbs edildi.


Faciəmizin üstündən 20 il ötdü





Artıq 20-ci qışdır ki, Azərbaycan xalqı bu hadisəni dərin hüzn içərisində qarşılayır, müstəqilliyimiz yolunda canlarını fəda etmiş insanların xatirəsini böyük hörmətlə yad edirlər.

Yəni Azərbaycanın qan yaddaşında "20 yanvar" faciəsi silinməz iz buraxmış faciələrdəndir və neçə illərdir ki, məlum hadisənin baş verməsi ətrafında gedən müxtəlif söhbətlər, yürüdülən fikirlər həmişə diqqət mərkəzində olub. Bəli, o vaxt azadlığını tələb edən xalqımız imperiya boyunduruğundan qurtulmaq üçün başdan-ayağa silahlanmış məkrli bir ordunun üzərinə yeriyib öz haqqını tələb edirdi. İmperiya isə xalqın bu tələbini beşiyində boğmaqdan ötrü bütün iyrənc üsullara əl atdı. Təəssüf ki, bu məsələdə özümüzdən olan bəzi naqis, nankor adamlar da onlara öz yardımlarını əsirgəmədilər. Elə hadisənin kütləvi insan qırğını ilə nəticələnməsinin səbəblərindən biri də budur. Düzdür, çox vaxt azadlığa nail olmaq qansız, qurbansız ötüşmür. Lakin heç olmasa daxili xəyanətkarlıqlar olmasaydı, bəlkə də bu qədər itkilərə məruz qalmazdıq.

Gəlin, öncə faciənin başlıca səbəbkarlarını, günahkarlarını nəzərdən keçirək. Təbii ki, burada əsas təqsirkarlar sırasında keçmiş SSRİ rəhbərliyində təmsil olunan adamlar idi. Başda Qorbaçov, Primakov, Yazov, Rıjkov və s. olmaqla imperiyanın məlum səlahiyyətliləri sözügedən cinayətə imza atanlardır. Onların cinayətinə şərik çıxaraq dəstək verənlər arasında isə Azərbaycanın o vaxtkı birinci katibi Əbdürrəhman Vəzirov və onun əsabələri də vardı. Beləliklə, bütün bu canilər əlbir, dilbir olub qanlı olayın cərəyan olunmasına göstəriş verdilər. Vəzirov hansı qələti etdiyini və xalqın qəzəbinə tuş gələcəyini yaxşı anladığından, canını götürüb qatil həmkarlarının yanına - Moskvaya qaçdı.

Bunun özü onun faciənin törənməsində nə dərəcədə günahkar olmasına başlıca faktorlardan biri idi. Baxmayaraq, onun tərəfdarları həmişə çalışıb ki, Vəzirovu təmizə çıxarsınlar. Lakin baş cinayətkar Qorbaçov müsahibələrinin birində bildirmişdi ki, əgər Azərbaycan rəhbərliyindən çağırış olmasaydı, onlar Bakıya qoşun yeritmək xəyalına düşməzdilər... Yəni istər vəzirovlar, istər qorbaçovlar olsun, hamısı özünü quruya çıxarmaqdan ötrü dəfələrlə cəhdlər göstərmiş, günahları bir-birinin üstünə atmışlar. Ancaq nədənsə heç kim 1990-cı ildə SSRİ Nazirlər Kabinetinin sədri olmuş bir kəsin - Rıjkovun 1995-ci ildə verdiyi açıqlamasının mahiyyətinə o qədər də varmaq istəməyib. Qeyd edək ki, bu adam (Rıjkov) həmin il verdiyi açıqlamasında Azərbaycanın sabiq rəhbəri Vəzirovla razılaşma əsasında Bakıya qoşun yeritmələrinin və orduya "xüsusi göstəriş" verildiyini bariz şəkildə bildirib. Onun əcaib məntiqinə görə, başqa çıxış yolu görmədiklərindən belə bir addım atmağı qət ediblərmiş... Bu, sabiq imperiyanın aparıcı kəslərindən olan Rıjkovun dediyi. İndi Qorbaçov, Primakov, Yazov, Vəzirov və ilaxırlar nə qədər çalışsalar ki, özlərini təmizə çıxarsınlar, inandırıcı olacaqmı? Əsla yox! Çünki əlahəzrət faktdan heç kim qaça bilməz. Yaxşı olardı, hər kəsdə etiraf etmək mədəniyyəti olaydı. Ancaq cinayətkarlardan mədəniyyət gözləməyin özü bir sadəlövhlükdür. Sadəcə olaraq, cinayətkara öz yerini göstərməyə səy etmək gərəkdir.

Bunlar bəlli... O dönəmdə özlərini "azadlıq mücahidləri" kimi tanıdan şəxslərin də faciənin kütləvi qan-qada ilə müşayiət olunmasında rolu az olmayıb. İmperiya ordusunun hansı xislətdə olduğunu gizlətməklə onlar əliyalın insanları top-tüfəngin, tankların qabağına sürüklədilər. Bəlkə həqiqət gizlədilməsəydi, xalq mübarizənin başqa yolunu arayar, müdafiəni təşkil edər, yaxud hansısa vasitələrlə adekvat cavab verməyə çalışardı. Onlar isə insanları aldatdılar, obyektiv gerçəkliyin nədən ibarət olduğunu dandılar. Və son anda aradan çıxdılar. Həmin gecə (19-dan 20-nə keçən gecə - Ə.) kiminin sədası yeyib-içmək məclisindən, kiminki də arvadının yanından gəldi... Sonra sözügedən siyasi dələduzlar arsız-arsız hər şeydən xəbərsiz olduqlarını, heç kimə göstəriş vermədiklərini, kimsəni harasa səsləmədiklərini bildirdilər. Adamı yandıran odur ki, belələrinin bir parası bu gün də xalqın başında "qoz sındırmaq" niyyətindən əl götürmür. Ambisiyalarından, avantüralarından kənarlaşmaq barədə fikirləşmək belə istəmirlər. Ancaq "el gözü tərəzidir" deyiblər. Artıq bu tip siyasi macəraçılara heç kim taleyini etibar etməyəcək, nə də ki, onlara meydan verməyəcəklər. Siyavuş Novruzov demişkən; xalq bu cür siyasətçiləri çoxdan öz qəlbində dəfn edib, onlar artıq siyasi ölüdürlər.

Lakin Azərbaycanın ləyaqətli övladları faciəni törədənləri hər zaman lənətləmiş, cinayətkarların cəzalandırılması istiqamətində yorulmadan iş aparıblar. Belə şəxsiyyətlərdən biri və birincisi ümummilli liderimiz, eks-prezident Heydər Əliyev olub. H.Əliyev hələ Moskvada yaşayarkən, həyatını böyük təhlükə altında qoyaraq, hadisənin səbəbkarlarına kəskin etirazını bildirmiş, onlara cinayət işi qaldırılması tələbini irəli sürmüşdü. Həmçinin imperiyanın başında duranların əleyhinə Rusiyanın paytaxtında möhtəşəm mitinq təşkil etməklə Azərbaycan xalqının haqq səsini bütün dünyaya çatdırmağa nail olmuşdu. H.Əliyev Azərbaycanda siyasi hakimiyyətə ikinci dəfə qayıdışından sonra da yanvar faciəsini törədənlərin ədalət məhkəməsi qarşısında cavab verməsi üçün əlindən gələni etmiş, hadisənin beynəlxalq ictimaiyyət tərəfindən tanınması və hüquqi qiymət almasından ötrü vacib olan bütün prosedurların yerinə yetirilməsinə çalışıb. İndi, sadəcə azadlıq qatillərini məsuliyyətə cəlb etmək üçün müntəzəm şəkildə beynəlxalq məhkəmələr qarşısında iddialarla çıxış etmək lazımdır. Bununla 20 yanvar şəhidlərinin həm ruhunu şad edər, həm də borclarını qaytarmış olarıq. Və inanırıq ki, heç bir cinayət cəzasız qalmayacaq. Qatil qorbaçovlar, vəzirovlar tarixin haqq divanı önündə cavab verəcəklər. Allah şəhidlərimizə rəhmət, düşmənlərimizə lənət etsin!


Şəhidlər və Milli Qəhrəmanlar qarşısında baş əyirik...!





1990-cı ilin Yanvar ayının "Qanlı Şənbə” axşamı. Bu gündə illərdən bəri azad yaşamağa susayan xalqımızın mərd oğul və qızları azadlıq uğrunda ilk qəti addımlarını atdılar. Yəni bizim bu günümüz üçün üz canlarını fəda etdilər.

1990-cı ilin yanvar ayının 19-dan 20-sinə keçən gecə millətimizin qorxmaz övladları Sovet İmperiyasının qoşunlarının Bakıya daxil olmasının qarşısını almaq üçün silahsız, əliyalın sovet tankların qarşısına çıxdılar. Qarbaçov SSRİ-nin "inkişafı” üçün "Perestroykaya” başlayandan sonra 70 ildən bəri millətimizin daxildən gələn azadlıq hissləri yenidən yavaş-yavaş qabarmağa başladı. Baxmayaraq ki, 1930-cu illərdə Azərbaycan xalqının "qaymağı” olan ziyalılarımızın demək olar ki, hamısı ermənilərin əli ilə ya sürgün olundu, ya da güllələndi, lakin bu cür Soyqrımda əsrlərdən bəri canımıza, qanımıza işləmiş azadlıq və millət sevərlik hissini ürəyimizdən silə bilmədi.

Rəsmi məlumatlara gürə həmin şənbə gecəsində Bakıya 35 minlik Sovet ordusu daxil olub. Qorbaçovun əmri ilə SSRİ –nin müdafiə naziri D.Yazov başçılığı ilə "UDAR” adlı bu əməliyyatda xüsusi təyinatlı "ALFA” və SSRİ DTK-sının "A” təxribat qrupundan istifadə edilmişdir. Həmçinin bu əməliyyatda Stavropol və Krasnodar vilayətindən olan hərbçilərdən (bu viləyətlətdə çoxlu erməni yaşayır) və Əfqanıstan müharibəsinin təcrübəli hərbçilərindən də istifadə edilmişdir.

Bu Qanlı gecədə Sovet qoşunları hez bir gunahı olmayan və sadəcə olaraq azad yaşamaq istəyən silahsız bir millətə qarşı müxtəlif cür silahlardan, beynəlxalq səviyyədə qadağan olunmuş Kalaşnikov Avtomatı üçün nəzərdə tutulan 5.45 tipli güllələrdən və digər qadağan olunmuş kimyəvi vasitələrdən istifadə etmişlər. Rəsmi mənbələrə gürə 1990-cı ilin yanvar ayının 19-dan 20-sinə keçən gecə Azərbaycancan xalqı 131 nəfər mərd övladını itirdi. Vətənin gələcəyi uğrunda həmin gecə bu vəhşi ordunun qarşısına çıxan qəhrəman insanlarımızdan 744 nəfəri yaralandı, 4 nəfəri isə itkin düşdü. 400 nəfərdən çox ər igidlərimiz həbs olundu.

20 yanvar gecəsi baş verən faciə, millətimizin tarixinə azadlıq uğrunda ümummilli savaş kimi daxil oldu. Məhz bu gecədə Azərbaycan xalqı bir daha dünyaya məncə ən əsası öz-özünə sübut etdi ki, biz ulu bir xalqıq və istəsək öz silahsız, lakin bir yumruq şəklində birləşən əliyalın əllərimizlə SSRİ kimi bir nəhəngi diz çökdürə, hətta darmadağın edə bilərik.(İndi siz özünüz fikirləşin ki, biz bir yumruq kimi birləşmiş silahlı əllərimizlə nələr edə bilərik...)

SSRİ-nin dağıdılmasında 20 yanvar faciəsi müstəsna rol oynamışdır.




1990-cı il 20 yanvar faciəsi ilə əlaqədar Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində keçirilmiş yığıncaqda fraqment -
Moskva, 21 yanvar 1990-cı il









Ölçüsü : 1.52 MB


Formatı : WMV











Ölçüsü : 5.92 MB


Formatı : MPG













Ölçüsü : 4.58 MB


Formatı : MPG












Ölçüsü : 5.08 MB


Formatı : MPG

Другие новости на эту тему:

    (Сюда информер)
Hörmətli Qonaq Siz Saytda Qeydiyyatdan Keçməmisiniz.Xayiş Edirik Qeydiyyatdan Keçəsiz və ya Sayta İstifadəçi Adinizla Girəsiz.
Şərhlər: 0
Şərhi Yalniz Qeydiyyatdan Keçmiş İstifadəçilər Elave Edə Bilər.
[ Qeydiyyat | Sayta Giris ]